|
Qeyd edək ki, 1917-ci ilin aprelində Qafqaz Müsəlmanlarının Qurultayında M.Ə.Rəsulzadə ilə N.Yusifbəyli hər iki təşkilatın (“Müsavat”la “Türk Ədəmi Mərkəziyyət”in) birləşdirilməsi qərarına gəlmişdilər. Əlavə edək ki, Qafqaz Müsəlmanları Qurultayına qədər də M.Ə.Rəsulzadə ilə N.Yusifbəylinin yaxın münasibətləri vardı. N.Yusifbəyli “Açıq söz” qəzetinə tez-tez gəlib gedərdi və bu iki şəxsiyyətin yaxınlığı, Azərbaycan istiqlalına eyni mövqedən yanaşmağı xalqımızın sonrakı taleyində mühüm rol oynadı. 1917-ci ilin iyun ayının 17-də M.Ə.Rəsulzadənin lideri olduğu “Müsavat”la N.Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəmi – Mərkəziyyət Partiyası”nın Birləşmə qurultayı keçirildi. Azərbaycan İstiqlalının 1918-ci ildə qazanılması baxımından bu çox mühüm idi. |
|
|
Bu onunla bağlı idi ki, “Müsavat”ın Bakı və Bakı ətrafında, “Türk Ədəmi – Mərkəziyyət”in isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Beləliklə, hər iki təşkilatın birləşməsi nəticəsində istiqlal uğrunda çətin bir mübarizə aparan Ümumazərbaycan partiyası yarandı. M.Ə.Rəsulzadə isə partiyanın sədri seçildi. İki partiyanın birləşməsindən sonra Azərbaycanda güclü siyasi bir təşkilatın mücadilə dövrü başladı. “Müsavat”ın isə böyük nüfuza malik olduğunu 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən yeni seçkilər də bir daha təsdiqlədi: “Müsavat 25 min seçicidən 10 min nəfərin – yəni bütün seçicilərin 40 faizinin səsini qazanmışdı. Halbuki, özləri üçün əlverişli şəraitdə keçirilən bu seçkilərdə bolşeviklər cəmisi 4 min seçicinin səsini toplaya bilmişdi. Bolşeviklərin lehinə Bakı şəhəri əhalisinin 15,4 faizi səs vermişdi. Belə gərgin şəraitdə “Müsavat” Partiyasının Bakıda ilk qurultayı keçirildi. Qurultay 1917-ci ilin oktyabrın 26-dan 31-dək davam etdi. 1917-ci ilin iyununda “Müsəlman Demokratik Partiyası – Müsavat”la “Türk Ədəmi – Mərkəziyyət”in birləşmə qurultayından sonra bu keçirilən ilk rəsmi toplantı idi. Bu qurultayda “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat” öz proqramını elan etməli idi. “Müsavat” Partiyasının ilk bitkin sənədi məhz həmin proqram olmalı idi. Qurultay 76 maddədən ibarət partiyanın proqramını qəbul etdi. Partiyanın proqramında aşağıdakı məsələlər nəzərdə tutulurdu: 1. Dövlət və muxtariyyət. 2. Milli məsələlər. 3. Dini məsələlər. 4. Həqqi əhliyyət. 5. İqtisad və maliyyə işləri. 6. Torpaq məsələsi. 7. İşçi məsələsi. 8. Ədliyyə məsələsi. Muxtariyyət tələbi rəsmi şəkildə partiya proqramında öz əksini tapdı. “Müsavat”ın proqramında dövlət və muxtariyyət təşkilatı məsələsi dəqiq izah edilərək belə qoyulmuşdu: “Rusiya dövlətinin şəkli – idarəsi milli-məhəlli muxtariyyət əsası üzərinə qurulu qoşma xalq cumhuriyyətindən ibarət olmalıdır”. Qeyd olunmalıdır ki, beş yüzə qədər adamın iştirak etdiyi “Müsavat” Partiyasının birinci qurultayında otuz üç yaşlı Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçildi. 1917-ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər. Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya Komissarlığı yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi. 1918-ci ilin fevralından, Zaqafqaziya Seyminin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub, “Müsavat”, “İttihad”, “Hümmət” və “Müsəlman Sosialist bloku”nu təmsil edirdilər. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdilər. Bundan əlavə, 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhifələrindən idi. Qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu dövründə ermənilərin Azərbaycanda həyata keçirdikləri kütləvi terror və qırğınları öyrənmək məqsədi ilə ayrıca bir Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdı. 1918-ci ilin martın 29-da Bakı və Tiflis dəmiryolu bağlandığından şəhərdə qalan erməni silahlıları “Evelina” gəmisində Müsəlman diviziyasının bir neçə yüz əsgərini tərksilah etdikdə vəziyyət gərgin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən sonra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına qırmışdı. |
|
| Bolşeviklərin işğalçı mahiyyətini anladıqca, xalqın etiraz müqaviməti artırdı. Tezliklə Azərbaycanı bürüyən silahlı üsyanlar bolşeviklərin ölkədə asanlıqla qala bilməyəcəyini sübut etdi. 1920-ci ilin mayın 21-də Tərtərdə başlanan ilk üsyan mayın 25-də Gəncədə daha böyük miqyas aldı. Bir həftəyə yaxın müddətdə Gəncədə sovet hökumətinin fəaliyyəti dayandırıldı. XI Ordunun güclü hərbi müdaxiləsindən sonra bolşevik əsgərlərindən 8500, Milli Ordumuzdan və mülki əhalidən isə 8000-13000-ə qədər adam həlak oldu. Hələ o zaman Bakını tərk etməyib Ramanada gizli yaşayan M.Ə.Rəsulzadə sonralar yazırdı: “Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də özünü göstərirdi”. Azərbaycanın digər bölgələrində də bolşeviklərə qarşı ciddi müqavimət göstərilirdi. Və getdikcə M.Ə.Rəsulzadənin gizli fəaliyyəti də qeyri-mümkün olurdu. Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək M.Ə.Rəsulzadə şəhəri tərk etməyi qərara aldı. Münasib yer olaraq Lahıcda qalmağa üstünlük verdi. Lahıca müsavatçı dostu Abbasqulu Kazımzadə ilə getdi. |
Trabzon Zaqafqaziya Seymi (ikinci sıra, soldan beşinci) |
|
Əslən Lahıcdan olan digər dostu Ağabala Qasımov ona bu işdə böyük köməklik göstərdi. Lahıcda olduğu müddətdə M.Ə.Rəsulzadə istiqlal tariximizin öyrənilməsinə əvəzsiz bir töhvə bəxş edir: “Əsrimizin Səyavuşu”nu yazır. Lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Təhlükədən sovuşmaq üçün müxtəlif evlərdə, əsasən də Məşədi Salman deyilən birisinin evində qalırdı. Tezliklə Lahıcdan çıxmaq məcburiyyətində qaldı. 1920-ci il avqustun 17-də M.Ə.Rəsulzadəni Lahıc yaxınlığındakı Qaraməryəmdə həbs edib Bakıya apardılar. M.Ə.Rəsulzadə həbsxanada olarkən keçmiş mübarizə dostu Stalin Bakıda onunla görüşdü və həbsxanadan azad etdirib, özü ilə birgə Moskvaya apardı. Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra oradan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Türkiyəyə getdi. |
|
.png)






